Çində yeni rekord: Tam superkeçirici maqnit hazırlandı
İKT
02.10.2025 14:40
Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun alimləri tam superkeçirici maqnit yaradıb. Alınan maqnit sahəsinin gücü 35,1 tesla təşkil edir ki, bu da Yerə məxsus qlobal maqnit sahəsindən təqribən 700 000 dəfə güclüdür.
TodayPress TV xəbər verir ki, bu barədə "Gizmodo" məlumat yayıb.
Məlumata görə, rekord qıran bu maqnit sahəsi 30 dəqiqə sabit qalıb. Əvvəlki rekord 32,35 tesla idi. Alimlər yeni maqnitin yaradılmasında aşağı temperaturlu maqnitlərlə daha yüksək temperaturda işləyən maqnitləri birləşdiriblər.
Tədqiqatçılar hesab edir ki, bu tam superkeçirici maqnit aerokosmik elektromaqnit hərəkəti, enerji ötürülməsi, maqnit rezonans görüntüləmə (MRT) və xüsusən termonüvə (füzyon) tədqiqatlarında geniş tətbiq oluna bilər.
Mütəxəssislər vurğulayırlar ki, daha güclü və stabilləşdirilmiş maqnit sahələri termonüvə təcrübələrinin inkişafına kömək edə, nəticədə gələcəkdə az tullantılı və praktiki olaraq məhdudiyyətsiz enerji verə bilən füzyon elektrik stansiyalarına yol aça bilər.
Türkan İsgəndərli
tag: Maqnit,Yer,Tesla,Çin,Todaypress.tv,
