Yunan-Roma millimiz dünya ikincisi oldu
İdman
22.09.2025 09:05
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
TodayPress TV xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşib.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında dünya çempionatının 3-cü (2 gümüş, 1 bürünc) medalı olub.
Daha əvvəl Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medala sahib çıxıblar.
Mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.
Namiq HUN
tag: Güləş,Çempionat,Dünya,Medal,Todaypress.tv,