Vaşero Şanxay “Masters”ində rekordu yenilədi

İdman

11.10.2025 15:38

Monakodan olan tennisçi Valanten Vaşero (ATP reytinqində 204-cü yer) Şanxayda keçirilən “Masters” seriyalı turnirdə unikal nailiyyət əldə edib. 

TodayPress TV xəbər verir ki, o, yarımfinalda 24 qat “Böyük Dəbilqə” qalibi, serbiyalı Novak Cokoviçi 6:3, 6:4 hesabı ilə məğlub edərək finala yüksəlib.

Birinci setdə hesab 4:3 Vaşeronun xeyrinə olarkən, 38 yaşlı Cokoviç tibbi fasilə götürüb. Serbiyalı tennisçinin hərəkətlərində narahatlıq müşahidə olunub və fizioterapevt ona ayaq masajı edib. Bu səbəbdən oyunda təşəbbüsü əldən verən Novak yekunda 2 setin cəmində Vaşeroya uduzub.

Qeyd edək ki, Vaşero turnirin əsas mərhələsinə seçmə mərhələdən keçərək düşüb. Matç 1 saat 41 dəqiqə davam edib. 

26 yaşlı Valanten Vaşero, 1990-cı ildən keçirilən “Masters” turnirləri tarixində ən aşağı reytinqə malik finalçı olub.

Bundan əvvəl belə göstərici rumıniyalı Andrey Pavelə məxsus idi. O, 191-ci raketka kimi “Masters” finalına çıxmışdı. Bu seriyada ən aşağı reytinqli çempion isə xorvatiyalı Borna Çoriç sayılır (152-ci raketka).

Namiq HUN

TodayPress TV

tag: Valanten Vaşero,Novak Cokoviç,Oyun,Rekord,Todaypress.tv,