Şey Gilces-Aleksander son 5 dəqiqədə oyunun gedişatını dəyişdi
İdman
14.06.2025 11:00
“Oklahoma-Siti Tander” “İndiana Peysers”ə qalib gələrək ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) final seriyasında hesabı bərabərləşdirib 2:2.
TodayPress TV xəbər verir ki, pley-off mərhələsinin final seriyasının İndianapolis şəhərində baş tutan görüşündə “Oklahoma-Siti Tander” səfərdə “İndiana Peysers” üzərində 111:104 hesablı qələbə qazanıb.
“Bankers Life Fieldhouse” qarşılaşmasının ən məhsuldar oyunçusu “Oklahoma”nın ulduz müdafiəçisi Şey Gilces-Aleksander olub. O, 35 xal və 3 ribaundla yadda qalıb. Oklahoma-Siti təmsilçisinin lideri və əsas oyun qurucusu “İndiana Peysers”ə qarşı parlaq performans nümayiş etdirib. O, görüşün son 5 dəqiqəsində 14 xal toplayaraq diqqətləri öz üzərinə çəkib. Bu müddətdə “İndiana” komandası cəmi 7 xal əldə edə bilib. Şey təkbaşına komandasına rəqibdən iki dəfə çox xal qazandırıb.
Onun komanda yoldaşı Ceylen Uilyams isə 27 xal, 7 ribaund və 3 assistlə komandasının qələbəsində pay sahibi olub.
Final seriyasının beşinci qarşılaşması iyunun 17-də Oklahoma-Sitidə keçiriləcək. Qalib seriyada 4 qələbə qazanan komanda olacaq.
Namiq HUN
tag: NBA,Oklohoma,Oyun,Qələbə,Todaypress.tv,