Luis Enrike: “PSJ üçün dünya çempionluğunu da qazanmağın vaxtıdır”
İdman
12.06.2025 15:26
“Pari Sen-Jermen” klubunun baş məşqçisi Luis Enrike, ABŞ-da keçiriləcək klublararası dünya çempionatı öncəsi açıqlama verərək komandasının yarışa böyük motivasiya ilə qatılacağını bildirib.
TodayPress TV xəbər verir ki, PSJ B qrupunda “Atletiko Madrid”, Braziliyanın “Botafogo” və ABŞ-nin “Sietl Saunders” klubları ilə qarşılaşacaq.
Enrikenin komandası turnirdə ilk oyununu iyunun 15-də “Atletiko”ya qarşı keçirəcək.
“Çox gözəl hisslərimiz var. Unikal turnirdə iştirak edəcəyik. Burada olduğumuz üçün çox sevincliyik. Klublararası dünya çempionatında çıxış etmək fantastik bir təcrübədir. PSJ ilk dəfə Çempionlar Liqasını qazanmaqla tarixi uğura imza atıb. Artıq bu uğurun ardınca dünya çempionluğunu qazanmağın vaxtıdır”.
İspaniyalı mütəxəssis, turnirdəki ilk rəqibləri olan “Atletiko” klubu ilə bağlı da fikirlərini bölüşüb:
“Turnirə Avropa klubuna qarşı oyunla başlayırıq. Mövsüm ərzində Çempionlar Liqasında da qarşılaşdığımız “Atletiko” ilə yaxşı tanışıq. Çətin oyun olacaq, amma biz hər bir rəqiblə mübarizəyə hazırıq”.
Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə Fransa çempionluğunu, ölkə kubokunu, Superkuboku və ilk dəfə klub tarixində UEFA Çempionlar Liqasını qazanıb.
Namiq HUN
tag: Luis Enrike,Çempionlar Liqası,Turnir,İdman,todaypress.tv,