Luçesku istefa qərarını açıqladı: “Söz vermişəm”

İdman

14.10.2025 11:02

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku bildirib ki, komandası 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazana bilməsə, istefa verəcək. 

TodayPress TV xəbər verir ki, 80 yaşlı mütəxəssis bu açıqlamanı Avstriya üzərində Buxarestdə qazanılan 1:0 hesablı qələbədən sonra verib.

“Qələbə yalnız növbəti qələbəyə aparırsa, dəyərlidir. Əks halda, mənasını itirir. Artıq söz vermişəm: əgər mundiala birbaşa vəsiqə qazana bilməsək, pley-off öncəsi yerimi başqasına verəcəyəm. Amma hələlik məqsədim pley-offda oynaya biləcək komanda qurmaqdır,” - deyə Luçesku qeyd edib.

Maraqlı hadisə mətbuat konfransından sonra baş verib - jurnalistlər onun bir qədər çaşqın göründüyünü bildiriblər. Mətbuat katibi məşqçini soyunma otağına dəvət edəndə, Luçesku təəccüblə soruşub: “Soyunma otağı haradadır?”

Qeyd edək ki, Avstriya üzərində qələbədən sonra Rumıniya 2026-cı il dünya çempionatına birbaşa vəsiqə üçün nəzəri şanslarını qoruyur. Hazırda qrupun lideri 15 xalla Avstriya milisidir. İkinci pilləni 13 xalla Bosniya və Herseqovina komandası nəzarətdə saxlayır. Rumıniya yığması isə 10 xalla ilk üçlüyü tamamlayır. 

Namiq HUN

TodayPress TV

tag: Rumıniya,Mirça Luçesku ,Baş məşqçi,Qərar,Todaypress.tv,