Konor Makqreqor: “Məni satın almaq mümkün deyil”

İdman

02.08.2025 11:06

Məşhur irlandiyalı UFC döyüşçüsü, iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqor 2025-ci ilin noyabrında keçiriləcək İrlandiya prezident seçkiləri ərəfəsində xalqına müraciət edib. 

TodayPress TV xəbər verir ki, 37 yaşlı idmançı sosial şəbəkədə yaydığı bəyanatda özünün prezidentliyə iddialı olduğunu təsdiqləyib.

“İRLANDİYA! Bütün sərvətim sonsuzdur, həyatım və mirasım da bir o qədər əhəmiyyətlidir. Prezident Makqreqor nə deməkdir? Bu deməkdir:

1. Məni satın almaq mümkün deyil.

2. Mənə təzyiq göstərmək, şantaj etmək mümkün deyil.

3. Mən maddi cəhətdən təmin olunmuşam və heç kimə satılmıram.

4. Terrorçularla heç vaxt masa arxasında oturmuram və təzyiqlərə boyun əymirəm. Bu, artıq sübut olunub.

Məni prezident təyin etmək ölkəmiz üçün lazım olan qərardır. Mən — dərmanam,” – deyə Makqreqor bildirib.

O, bəyanatında bu sözlərinin ilk baxışda çılğın səslənə biləcəyini etiraf etsə də, ciddi şəkildə seçkiyə qatılacağını vurğulayıb:

“Məni dayandırmağa çalışan əlləri görürsünüz. Ancaq inanın, mən təsəvvür edə bilməyəcəyiniz qədər güclüyəm. Bu sözlərim havadan gəlmir. Güclü komandamız artıq formalaşıb, seçkilərdə namizədliyimizi irəli sürəcəyik və qalib gələcəyik. Sizdən istədiyim sadəcə budur: Konor Makqreqora səs verin!”

Xatırladaq ki, Makqreqor İrlandiyada və bütün dünyada təkcə idmançı kimi deyil, həm də qalmaqallı çıxışları və qeyri-adi addımları ilə tanınır. Onun prezidentliyə namizədliyi ciddi ictimai rezonansa səbəb olub.

Namiq HUN

tag: Konor Makqreqor,UFC , İrlandiya,Seçki,Todaypress.tv,