Klublararası DÇ: Daha 4 komanda pley-offa vəsiqə qazandı
İdman
25.06.2025 09:19
Futbol üzrə klublararası dünya çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.
TodayPress TV xəbər verir ki, növbəti yarış günü C və D qrupundan pley-offa yüksələn komandalar müəyyənləşib.
C qrupunun mərkəzi matçında “Benfika” və “Bavariya” klubları qarşılaşıb. Gərgin keçən oyunun taleyini cəmi bir qol həll edib. Portuqaliya təmsilçisi Andreas Şelderupun 13-cü dəqiqə qolu ilə rəqibini məğlub edərək qrupu lider kimi başa vurub.
Qrupun digər görüşündə isə “Oklend Siti” “Boka Xuniors”la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
D qrupunda “Çelsi” “Esperans Tunis”lə qarşılaşıb. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Zadəganlar”ın heyətində Tosin Adarabioyo, Liam Delap və Tayrik Corc fərqlənib.
“Flamenqo” - “Los Anceles” qarşılaşması isə heç-heçə ilə nəticələnib – 1:1.
Qeyd edək ki, “Flamenqo”, “Çelsi”, “Benfika” və “Bavariya” klublararası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıblar.
Namiq HUN
tag: Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,