Karlo Ançelotti “Real Madrid”lə vidalaşdı
İdman
23.05.2025 15:00
İtaliyalı baş məşqçi Karlo Ançelotti mövsümün sonunda Madridin “Real” klubunu tərk edəcəyini rəsmən təsdiqləyib.
TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis vida mesajını şəxsi “X” sosial şəbəkə hesabında paylaşıb.
“Bu gün yenidən vidalaşırıq. “Real”dakı bu möhtəşəm ikinci dönəmdə yaşadığım hər bir anı xatırlayıram. Bu illər unudulmaz oldu - duyğularla, titullarla və hər şeydən önəmlisi, klubun loqosunu təmsil etməyin verdiyi qürurla dolu bir səyahət idi.
Prezident Florentino Peresə, klub rəhbərliyinə, futbolçularıma, əməkdaşlara və həmişə özümü onlardan biri kimi hiss etdirən azarkeşlərimizə təşəkkür edirəm.
Birlikdə qazandığımız uğurlar “Real Madrid” azarkeşlərinin yaddaşında əbədi qalacaq.
Söhbət təkcə qələbələrdən deyil, həm də onları necə qazandığımızdan gedir. “Santyaqo Bernabeu”da keçirdiyimiz sehrli gecələr futbol tarixinin bir hissəsinə çevrildi. İndi isə yeni bir macəra başlayır. Amma “Real”la bağım əbədi olaraq qalacaq.
Tezliklə görüşərik. Hala Madrid, bu qədər” deyə Ançelotti bildirib.
2021-ci ildən "Real"ı çalışdıran təcrübəli mütəxəssis 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda Klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub.
O, 2 dəfə İspaniya Superkubokunu və eyni sayda ölkə kubokunu da qazanıb.
Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə də "Real"a rəhbərlik edib.
O, ümumilikdə qazandığı 15 titulla "Real" tarixinin ən uğurlu baş məşqçisi hesab olunur.
Namiq HUN
tag: Karlo Ançelotti,Futbol,Məşqçi,Real Madrid,Vida,Todaypress.tv,