Fiqurlu konkisürən intihara cəhd etdiyini açıqladı

İdman

27.08.2025 12:55

Latviyalı fiqurlu konkisürən Sofya Stepçenko keçmiş məşqçilərinin psixoloji təzyiqlərinə görə dəfələrlə intihara cəhd etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, məşqçiləri - Raymo Rensalu və Olqa Kovalkovanın onu zədələrlə çıxış etməyə və arıqlamağa məcbur etmələri Sofyanı qidalanma pozuntusu, depressiya və intihar düşüncələrinə gətirib çıxarıb.

“Əslində, mən yarışlardan dekabrda fasilə götürməli idim. Amma guya hər şey yaxşıdır kimi göstərirdim. Yalnız fevralda peşəkar köməyə müraciət etdim, çünki anlayırdım ki, tezliklə həyatımla vidalaşa bilərəm. Maskanın arxasında yaşayırdım – guya hər şey qaydasındadır, amma heç kim bilmirdi ki, beş dəqiqə əvvəl panik atak keçirmişəm. Mən çox əzab çəkirdim və dəfələrlə intihara cəhd etmişdim. Bir dəfə buna çox yaxın oldum.

2024/25 mövsümündə keçmiş məşqçilərim haqqında pis heç nə demirdim, amma indi həqiqəti söyləməyin vaxtıdır. Mən onlardan sadəcə qaçdım, çünki məni manipulyasiya edirdilər. Mən psixoloji zorakılığa məruz qalmışdım, haqqımda yalan şayiələr yayırdılar. Zədələrə baxmayaraq, mümkünsüz işləri tələb edirdilər… Onlar nəticə vəd edə bilərdilər, amma hansı qiymətə? Bu, sizin həyatınıza dəyməz,” – deyə Stepçenko bildirib.

Daha sonra fiqurlu konkisürən İsveçrəyə köçüb və Olimpiya Oyunlarının vitse-çempionu Stefan Lambyel ilə çalışmağa başlayıb. Orada ona psixiatrik yardım da göstərilib və idmançıya posttravmatik stress pozuntusu diaqnozu qoyulub.

Qeyd edək ki, Beynəlxalq Konkisürmə İdmanı İttifaqı (ISU) və Latviyanın Konkisürmə Federasiyası baş verənlərlə bağlı araşdırma aparmağa başlayıb.

Namiq HUN

tag: Sofya Stepçenko,Fiqurlu Konkisürmə,İntihar,Cəhd,Todaypress.tv,