Erlinq Haaland: “Ölümdən qorxuram, çünki sonra nə olacağını bilmirəm”
İdman
02.10.2025 11:04
“Mançester Siti” klubunun və Norveç millisinin hücumçusu Erlinq Haaland ölüm haqqında düşüncələrini bölüşüb.
TodayPress TV xəbər verir ki, futbolçu NRK telekanalına açıqlamasında gələcəkdə onu nə gözlədiyini bilmədiyi üçün ölümdən qorxduğunu etiraf edib.
“Düzünü desəm, bir az ölümdən qorxuram, çünki sonra nə olacağını bilmirəm. Bəzən yatmazdan əvvəl yataqda uzananda bu barədə düşünmək qorxulu olur. Öz-özümə sual verirəm: “Öləcəyim gün nə baş verəcək? Cənnətə düşəcəyəm, yoxsa cəhənnəmə? Hara gedəcəyəm ümumiyyətlə?”” - deyə futbolçu bildirib.
Haaland yaxınlarını itirdiyini də xatırladıb:
“Mən artıq nənəmi, babamı və agentimi itirmişəm. Ötən il isə mənim üçün çox əziz insan - İvar Eqqya dünyasını dəyişdi. O, qohumum olmasa da, mən onu “dayı” adlandırırdım. Çünki ailə kimi yaxın idi. Onun itkisi çox ağır oldu. İndi də çox darıxıram. Burada olsaydı, yenə bir yerdə zarafatlaşardıq. Mən onu həmişə xatırlayacağam”.
Norveçli hücumçu əlavə edib ki, Eqqya ölümündən əvvəl ona son məsləhətlərini verib:
“Mənə dedi ki, “meydana çıx və bütün gücünlə oyna. Prosesi sev, həyatın hər anından zövq al”. Onun bu sözləri mənim üçün çox önəmlidir”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Haaland “Monako” ilə oyunda dublya imza atıb (2:2).
Namiq HUN
tag: İdman,Futbol,Mançester,Norveç,Todaypress.tv,
