2026-cı ildə Avropa antidopinq siyasətinin nəbzi Azərbaycanda döyünəcək
İdman
27.08.2025 17:15
Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək.
TodayPress TV xəbər verir ki, 2026-cı il martın 18-19-da Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi simpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq.
Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumət nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və onların təmsilçilərini bir araya gətirəcək.
Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir.
Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara edilən dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında təqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək.
Namiq HUN
tag: Azərbaycan,Dopinq,Simpozium,Tədbir,Todaypress.tv,