Sertifikasiya imtahanlarında nəticələr niyə yüksək olub? – AÇIQLAMA
Elm və Təhsil
20.06.2025 16:33
“Bu il keçirilən sertifikasiya imtahanlarında, xüsusilə coğrafiya və riyaziyyat fənləri üzrə namizədlərin nəticələri əvvəlki illərlə müqayisədə daha yüksək olub”.
Təhsil eksperti Elçin Əfəndi bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, müəllimlərin hazırlıq səviyyəsinin artması ilə bağlıdır.
“Hazırda imtahan verən müəllimlər əvvəlki illərlə müqayisədə həm ixtisas, həm də metodika baxımından daha yaxşı hazırlanıb. Bu müəllimlər prosesə uzun müddət ərzində hazırlaşıblar. Ona görə də nəticələrin yüksək olması təsadüfi deyil. 51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı əvvəlki dövrlərlə müqayisədə daha çoxdur”.
Ekspert əlavə edib ki, bu tendensiya qarşıdakı günlərdə keçiriləcək imtahanlarda da özünü göstərəcək. O vurğulayıb ki, ilk dəfə imtahan verənlər arasında uğur qazana bilməyənlər də var. Amma ümumilikdə əvvəlki dövrlərlə müqayisədə belə namizədlərin sayı azdır.
Elçin Əfəndi qeyd edib ki, imtahan sualları əvvəlki illərdəki kimi sadə, orta və çətin olmaqla hazırlanıb.
“Sualların çətinlik səviyyəsində ciddi dəyişiklik yoxdur. Sadəcə bu il müəllimlərin hazırlıq səviyyəsi daha yüksək olduğu üçün nəticələr də müvafiq olaraq artıb", - deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd edək ki, 18 iyun sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib. Test imtahanında 2 019 nəfər müəllim iştirak edib, 95 % davamiyyət qeydə alınıb.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Müəllim,Sertifikasiya,todaypress.tv,
