Xaricdə təhsil almaq istəyənlərin əsas məqsədi... - EKSPERT

Elm və Təhsil

09.09.2025 15:28

“Tələbələrin təhsil üçün xaricə getməsinin qarşısının alınması ilə bağlı işlər davam etdirilir və yaxın illərdə daha ciddi nəticələrin əldə olunacağı gözlənilir”.

Təhsil eksperti Elçin Əfəndi bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, hər il Azərbaycan vətəndaşları ölkədəki ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilmədikləri halda, məcburən qonşu ölkə olan Türkiyəyə, eləcə də Gürcüstan, Rusiya, digər MDB dövlətləri və Avropa ölkələrinə üz tuturlar.

Onun sözlərinə görə, bu hallar daha çox oğlanlar arasında müşahidə olunur və əsas məqsəd bir növ hərbi xidmətdən yayınmaq və ya möhlət hüququ qazanmaq olur.

“Digər hallarda isə, əlbəttə, əsas motivasiya ali təhsil almaq istəyidir. Gənclər attestatla qəbul ola biləcəkləri universitetləri seçirlər və əsas məqsəd universitetə qəbul olmaqdır. Ətraf mühitin təzyiqləri və sosial gözləntilər də bu seçimi şərtləndirən amillər sırasındadır. Nəticədə isə bəzi şəxslər dələduz şirkətlərin qurbanına çevrilir, aldadılır və ya sonradan diplomların tanınması ilə bağlı ciddi problemlərlə üzləşirlər”, - deyə mütəxəssis diqqətə çatdırıb.

O xatırladıb ki, bu vəziyyətin qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Son illərdə ölkəmizdə ali təhsil müəssisələrində plan yerlərinin sayı əhəmiyyətli dərəcədə artırılıb. Əgər əvvəllər 40-50 min tələbə qəbul edilirdisə, hazırda bu rəqəm 60 minə çatdırılıb. Gələcəkdə isə bu sayın 80-85 minə qədər artırılması nəzərdə tutulur. Bu artım, müəyyən qədər xaricə gedən tələbə axınının qarşısını almağa kömək edə bilər.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi də öz açıqlamalarında bu məsələyə xüsusi diqqət ayırır.

Qeyd olunur ki, xaricdə təhsil almaq istəyən şəxslər üçün seçilən ixtisasların ölkədə prioritet sahələrdən olması vacibdir.

"Həmçinin təhsil alınan universitetin dünya reytinqində ilk 500-lükdə yer alması da tövsiyə olunur. Bütün bu amillər, təbii ki, gələcəkdə diplomların ölkə daxilində tanınmasını mümkün edə bilər. Bu cür xəbərdarlıqlar və məlumatlandırma tədbirləri vətəndaşların daha düzgün qərar verməsinə kömək etməlidir", - deyə bildirilib.

Aysel Mətləb

TodayPress TV

tag: Təhsil,Xaricdə təhsil,Ekspert,Diplom,Todaypress.tv,

photo