Öz fənnindən kəsilənlər: “Məhkəməyə müraciət etməlidirlər!” – Ekspert elə sözlər dedi ki...

Elm və Təhsil

26.08.2025 13:22

“Müəllimlərin işə qəbulu prosesində təsadüfə yer yoxdur, bütün nəticələr reallığı əks etdirir”.

Təhsil eksperti Vüsal Kərimli bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Belə ki, müəllimlərin işə qəbulu prosesi sırf ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dərslərin peşəkar və layiqli müəllimlər tərəfindən aparılmasına xidmət edir. O, xüsusilə vurğulayıb ki, bu proses yalnız yüksək bal toplamış, savadlı və imtahan nəticələrinə əsasən haqlı şəkildə uğur qazanmış namizədlərin seçilməsinə yönəlib. Bu baxımdan seçim bölgə və ya şəhər məktəbləri kontekstində deyil, bilik və bacarıq göstəriciləri əsasında həyata keçirilir.

Mütəxəssisin fikrincə, şəhər və kənd məktəbləri arasında olan əsas fərqlər daha çox mərkəzləşdirilmiş imkanlarla bağlıdır:

“Şəhər məktəblərində çalışan müəllimlərin daim mərkəzdə olması, müasir tədris metodikalarına çıxış imkanlarının genişliyi, eyni zamanda müəllimlərin işə qəbulu prosesinin son illərdə elektronlaşdırılması və şəffaflığın təmin olunması nəticəsində Bakı məktəblərində çalışan müəllimlərin topladığı ballar daha yüksək olur. Əgər rayonlara nəzər salsaq, kənd məktəblərində çalışan müəllimlərin daha çox imtahandan keçə bilmədiyini görərik. Ona görə düşünürəm ki, burada təsadüf yoxdur, sadəcə biliyə və savada əsaslanan qiymətləndirmə aparılıb”.

V.Kərimli, həmçinin apellyasiya mexanizminin olmaması və ya düzgün işləməməsi ilə bağlı narazılıqlara da münasibət bildirib. O diqqətə çatdirib ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə kifayət qədər məlumat və müraciət yayımlanıb.

“Haqlı olan şəxslər öz hüquqlarını ya apellyasiya, ya da məhkəmə yolu ilə bərpa edə bilərlər”, - deyə ekspert fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak edib. Onların arasında imtahana qatılmayan, nəticəsi ləğv edilən və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərlə əmək müqaviləsinə Əmək Məcəlləsinə uyğun olaraq xitam verilib. Lakin diqqətçəkən məqam odur ki, imtahandan kəsilən müəllimlər əsasən bölgə və ətraf rayonlardandırlar. 

Aysel Mətləb

tag: Vüsal Kərimli,Ekspert,Müəllimlər,MİQ,Todaypress.tv,

photo