Ekspert: “Yüksək bal toplayan abituriyentlər belə səhv seçimlər edir”

Elm və Təhsil

29.09.2025 15:54

"Gənclərin düzgün ixtisas seçməməsi gələcəkdə onların əmək bazarında ciddi problemlərlə üzləşməsinə səbəb olur".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar müasir qloballaşan dünyanın tələblərinə uyğun, xüsusilə texnologiya və kompüter istiqamətli sahələrdə olan ixtisaslara üstünlük verilməlidir.

Ekspert qeyd edib ki, bəzi hallarda yüksək bal toplayan abituriyentlər belə yanlış seçimlər edir:

"Bəzi gənclər təkcə ali məktəbə qəbul olunmağı hədəfləyirlər. Amma əsas məsələ əmək bazarında mövqe tuta bilməkdir. Bunun üçün də düzgün ixtisas seçmək vacibdir".

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda bir sıra prestijli ixtisaslar üzrə təcrübə imkanları zəifdir:

"Məsələn, maşın mühəndisliyi, mexatronika və robototexnika kimi ixtisaslar dünyada çox perspektivlidir. Amma bizdə təcrübə bilikləri demək olar ki, yox səviyyəsindədir. Universitetlər mütləq laboratoriyalarla təchiz olunmalı, istehsalat və şirkətlərlə əməkdaşlıq qurmalıdır. Pedaqoji, hüquq, iqtisadiyyat və digər sahələrdə də oxşar vəziyyət mövcuddur. Müəllimlik ixtisasını bitirən məzun əlavə kurslara gedir, hüquq ixtisasını bitirən iddia ərizəsi yaza bilmir, iqtisadiyyat üzrə məzun isə işə düzəlmək üçün əlavə kurs keçməli olur. Bu, ali təhsildə təcrübə biliklərinin zəifliyinin nəticəsidir".

Ekspert, həmçinin hesab edir ki, universitet rəhbərliyi dövlət və özəl sektorla daha geniş əməkdaşlıq etməli, tələbələr bir neçə müəssisədə təcrübə keçməlidirlər:

"Beynəlxalq təcrübəyə nəzər salsaq, inkişaf etmiş ölkələrdə təcrübi biliklərə xüsusi önəm verilir. Türkiyədə universitet tibb ixtisası açmaq istəyirsə, əvvəlcə xəstəxana qurmalıdır. Bizdə də yalnız real təcrübə imkanları olan universitetlərə ixtisas açmağa icazə verilməlidir. Həmçinin tələbələr özləri də məsuliyyət daşımalıdır. Universitetdə oxuduqları dövrdə yay tətilini boş keçirməməli, mütləq özəl və ya dövlət müəssisələrində təcrübə toplamalıdırlar. Yalnız bu halda əmək bazarında rəqabətə davamlı ola bilərlər".

Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan təhsilində əsas problemlərdən biri nəzəri biliklərin üstünlük təşkil etməsi, təcrübə hazırlığının isə çox zəif olmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ekspert,Təcrübə,İxtisas,Peşə,Todaypress.tv,

photo