Ekspertdən ŞOK TƏKLİF: “Təhsil haqları çox aşağıdır, 10 dəfə artırılmalıdır!”

Elm və Təhsil

18.08.2025 14:40

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları yenilənib. Belə ki, "Tibb" ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, "Stomatologiya" ixtisası üçün 6 000 AZN, "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı" ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, özəl ali məktəblərdə təhsil haqqı tədris müəssisəsinin özü tərəfindən müəyyən edilsə də, dövlət universitetlərində bu məbləğ Nazirlər Kabineti tərəfindən təsdiqlənir.

Onun sözlərinə görə, ölkəmizdə bütün təhsil pillələri – məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas və ali təhsil üzrə maliyyələşmə normativləri dövlət tərəfindən müəyyən olunur.

"Əvvəllər dövlət hər bir tibb tələbəsinin hazırlığı üçün 4500 manat ayırırdısa, indi bu məbləğ 6500 manat olub. Əslində bu rəqəm indikindən 10 dəfə çox olmalıdır. Dünyanın bütün ölkələrində tibb təhsili bahalıdır, çünki həkim hazırlamaq böyük maliyyə tələb edir. Məsələn, Türkiyədə qiymətlər 20 mindən başlayır. Bizdə isə 6500 böyük rəqəm sayılmır, əksinə, sevinməli haldır. Yaxın illərdə bu məbləğin daha da artırılması vacibdir ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqabətə davamlı həkimlər yetişdirə bilək".

Ekspert əlavə edib ki, Azərbaycanda səhiyyə sistemində ciddi problemlər mövcuddur və əsas çətinliklərdən biri həkim çatışmazlığıdır:

“Xüsusilə regionlarda, o cümlədən ucqar dağlıq ərazilərdə həkim qıtlığı müşahidə olunur. Mənim doğulduğum Lerik rayonunda, məsələn, 35 kəndə cəmi bir həkim düşür və o da pensiya yaşına çatdığı üçün yaxın gələcəkdə işdən ayrılacaq. Gənclər isə ucqar yerlərdə işləmək istəmir, çünki əməkhaqqı çox aşağıdır. TƏBİB-in fəaliyyəti nəticəsində müəyyən müsbət dəyişikliklər baş versə də, bu sistem hələ ki kənd yerlərinə tam çatmayıb”.

E.Qafarovun fikrincə, bu problemin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır:

“İlk növbədə, həkimlərin sosial rifahı yaxşılaşdırılmalı, maaşlar artırılmalı və regionlarda çalışan tibb işçilərinə əlavə güzəştlər tətbiq olunmalıdır. Bununla yanaşı, tibb təhsili və rezidentura proqramları üçün ayrılan dövlət vəsaiti də artırılmalıdır. Əks halda, bir neçə ildən sonra ölkədə ümumiyyətlə həkim tapmaq çətinləşəcək. Onsuz da hazırda ali məktəblərdə təhsil alan tələbələrin bir qismi sosial təminatın zəifliyi səbəbindən xaricə üz tutur”, - deyə o fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Elşən Qafarov,Ekspert,Təhsil Haqları,Artım,Todaypress.tv,

photo