Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Elm və Təhsil
22.07.2025 15:35
Bakı Tikiş Evi ASC 2025-ci tədris ili üçün məktəbli geyimlərinin qiymətlərində endirim tətbiq edib.
Qurumun şöbə müdiri Etibar Əzimovun TodayPress TV-yə verdiyi məlumata görə, iyul ayının 1-dən etibarən məktəbli formalarının qiymətləri orta hesabla 20-30 faiz aşağı salınıb. Onun sözlərinə görə, qiymət dəyişikliyi beş əsas məhsul üzrə edilib.
Belə ki, jaketlərdə 10 manat, şalvar və ətəklərdə 5 manat, qısaqol köynəklərdə 4 manat, uzunqol köynəklərdə isə 2 manat endirim tətbiq olunub.
"Yeni tarifə əsasən, həm oğlan, həm də qız məktəbliləri üçün qısaqol polo köynəklərin qiyməti 8 manat, uzunqol polo köynəklər 10 manat, şalvar və ətəklər 15 manat, jaketlərin qiyməti isə 20 manat olaraq müəyyənləşdirilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu məhsulların qiyməti daha yüksək idi. Belə ki, ötən il qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 12 manat, şalvar və ətək 20 manat, jaket isə 30 manata satılırdı".
Etibar Əzimov qeyd edib ki, standart ölçü hesab olunan 26-54 ölçüdən böyük (56, 58, 60) ölçülü geyimlər əlavə parça sərfiyyatına görə standart qiymətə 5 manat əlavə olunmaqla satılır.
O, sonda vurğulayıb ki, yaxın günlərdə qiymətlərdə artım gözlənilmir.
Türkan İsgəndərli
tag: Bakı Tikiş Evi ASC,2025,Məktəbli geyimi,Etibar Əzimov,Todaypress.tv,
