7 mindən 60 minə: Tələbə sayı artır, keyfiyyət isə...
Elm və Təhsil
24.09.2025 17:00
“Son illərdə ali təhsil müəssisələrinə qəbul planında artım müşahidə olunsa da, keyfiyyət məsələsi hələ də istənilən səviyyədə deyil”.
Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə, artıq 4-5 ildir ki, həm dövlət sifarişli, həm də ödənişli əsaslarla qəbulda davamlı artım müşahidə olunur. Bu da təbii olaraq ali təhsilli şəxslərin ümumi sayına və statistikaya təsir göstərir:
"Lakin bu artımlar yalnız kəmiyyət baxımından dəyərləndirilə bilər. Keyfiyyət məsələsində ciddi boşluqlar qalır. Yalnız bəzi universitetlərdə bu sahədə müsbət dinamika var. Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xəzər Universiteti, İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Pedaqoji Universitet və bəzi filiallarında təhsilin keyfiyyəti digər ali məktəblərlə müqayisədə daha yüksəkdir. Amma ümumilikdə qalan universitetlər yalnız qəbul sayının artımı ilə kifayətlənməməli, keyfiyyətə də fokuslanmalıdır".
Ekspert hesab edir ki, bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən davamlı monitorinqlər aparılmalı, zəif nəticə göstərən ixtisaslar üzrə qəbul planları azaldılmalı və ya tamamilə ləğv olunmalıdır:
"Əgər hansısa universitet və ya ixtisas üzrə kadr hazırlığı keyfiyyətli şəkildə həyata keçirilə bilmirsə, həmin istiqamətlərə qəbul dayandırılmalı və resurslar daha səmərəli sahələrə yönləndirilməlidir".
Elçin Əfəndinin fikrincə, ölkədə ali təhsilin inkişafı üçün yalnız rəqəmlərə deyil, real nəticələrə və peşəkar kadr hazırlığına diqqət yetirilməlidir.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev açıqlayıb ki, son 10 ildə yerli universitetlərə qəbul demək olar iki dəfə artıb. Belə ki, Azərbaycanda tələbələrin sayı 27 mindən 60 minə yüksəlib.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Təhsil,Keyfiyyət,Todaypress.tv,
