Zelenski diplomatlara Rusiya ilə bağlı konkret tapşırıqlar verdi

Dünya

22.06.2025 05:00

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin diplomatlarına Rusiyaya qarşı təzyiqlərin artırılacağı xüsusi “təzyiq ayı” çərçivəsində konkret tapşırıqlar verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlama verib.

“Bu, Ukrayna üçün ədalətli və davamlı sülhə yaxınlaşmaq məqsədilə tam diplomatik səfərbərlik və diplomatiyanın tam gücü ilə işə cəlb olunduğu bir aydır”, - deyə Sibiqa vurğulayıb.

Nazirin sözlərinə görə, əgər Rusiya sülh təşəbbüslərini rədd edirsə, o zaman Moskva dağıdıcı iqtisadi zərbələrə məruz qalmalıdır.

Bu məqsədlə ukraynalı diplomatlar aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcəklər:

Rusiya neftinə tətbiq edilən qiymət tavanının daha da aşağı salınması,

İkinci dərəcəli sanksiyaların gücləndirilməsi,

Mövcud məhdudiyyətlərin qarşısındakı maneələrin aradan qaldırılması,

Rusiyanın hərbi texnologiya komponentlərinə çıxışının məhdudlaşdırılması.

Ukrayna XİN rəsmisi əlavə edib ki, bu “təzyiq ayı” çərçivəsində diplomatik fəaliyyət maksimal səviyyədə koordinasiya olunacaq.

Töhfə Səməd

tag: Sibiqa,Ukrayna,Rusiya,XİN,Todaypress.tv,