ABŞ Antarktidada yeganə tədqiqat buzqıran gəmisini itirə bilər

Dünya

01.09.2025 19:15

ABŞ Antarktidada buzlaqların əriməsini araşdırmaq üçün istifadə etdiyi yeganə tədqiqat buzqıran gəmisini istismardan çıxarmağa hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Söhbət “Nathaniel B. Palmer” adlı elmi tədqiqat gəmisindən gedir. Gəmini əvəzləyəcək yeni buzqıranla bağlı planlar isə hələlik gecikir.

Məqalədə bildirilir ki, bu qərar ABŞ hökumətinin son dövrlərdə iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmalara münasibətinin dəyişməsi ilə əlaqələndirilir. İddia olunur ki, hazırkı administrasiya iqlim məsələlərinə dair büdcəni azaldır, qrantları kəsir, elmi hesabatların dərcini dayandırır və bu sahədə iş yerlərini ixtisar edir.

ABŞ Milli Elm Fondu mövcud maliyyə resurslarını Antarktidada fəaliyyət göstərən stansiyaların işlək vəziyyətdə saxlanmasına və gəmini əvəz edə biləcək yeni vasitələrin axtarışına yönəltməyi planlaşdırır.

Qeyd edək ki, "Nathaniel B. Palmer" uzun illərdir Antarktidada elmi tədqiqatlar üçün istifadə olunan əsas gəmi olub və onun fəaliyyətdən çıxarılması bu istiqamətdə ABŞ-nin imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Türkan İsgəndərli

tag: ABŞ,Buz,Gəmi,Tədqiqat,Todaypress.tv,