Yunanıstan 13 saatlıq iş rejiminə keçdi
Dünya
16.10.2025 17:07
Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verən yeni əmək qanun layihəsini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Qanunun qəbulu ölkədə ciddi müzakirələr və geniş etirazlara səbəb olub. Həmkarlar ittifaqları sənədi sərt şəkildə tənqid edərək, onun səkkiz saatlıq iş gününü faktiki olaraq ləğv etdiyini və işçiləri hüquqlarından məhrum etdiyini bildiriblər.
Əmək naziri Niki Kerameos açıqlamasında qeyd edib ki, yeni qayda yalnız ilin 37 günü üçün tətbiq edilə bilər və bu hallarda işəgötürənlər işçilərə saatlıq əmək haqqının 40%-i miqdarında əlavə ödəniş etməlidirlər.
Qanun qəbulundan öncə Afina və digər şəhərlərdə keçirilən ümummilli tətillər və kütləvi mitinqlər ictimai nəqliyyatı, dövlət qurumlarını və medianı iflic vəziyyətinə salıb. Etirazçılar maaşların artırılması və əmək hüquqlarının qorunmasını tələb etsələr də, hökumət qanun layihəsini geri çəkməkdən imtina edib.
Türkan İsgəndərli
tag: Yunanıstan,İş,Saat,Qanun,Todaypress.tv,
