Vyetnam uzunmüddətli vizadan azadolma planı hazırlayır
Dünya
21.07.2025 20:00
Vyetnam hökuməti ölkənin sosial-iqtisadi inkişafına töhfə verən xarici vətəndaşlara 5 ilədək uzunmüddətli vizadan azadolma hüququ verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Vietnam News Agency” məlumat yayıb.
Təklif Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən irəli sürülüb və seçilmiş xaricilərə hər səfərdə 90 günədək ölkədə qalmaq icazəsi nəzərdə tutur. Hazırda bu müddət 45 gündür.
Yeni mexanizm Vyetnam Kommunist Partiyası, dövlət və hökumət rəhbərlərinin dəvəti ilə gələn şəxsləri əhatə edəcək. Hədəf qrupuna şirkət rəhbərləri, alimlər, universitet professorları, tədqiqatçılar, mühəndislər və yüksək ixtisaslı İT mütəxəssisləri daxildir.
Nazirlikdən bildirilib ki, siyasətin məqsədi yarımkeçiricilər, rəqəmsal texnologiya, elm və yaradıcı sənayelər kimi prioritet sahələrdə xarici mütəxəssisləri ölkəyə cəlb etməkdir.
Qiymət Mahir
tag: Vyetnam,İT ,Viza, İctimai Təhlükəsizlik Nazirliyi,