ABŞ müdafiədə ağıllı nişangahlardan istifadə etdi
Dünya
11.06.2025 10:41
ABŞ Ordusunun 2-ci Süvari Alayının əsgərləri təlim zamanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə "SMASH 2000L" ağıllı nişangahı ilə təchiz edilmiş "M4A1" avtomatik karabinindən istifadə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
İsrailin “Smart Shooter” şirkəti tərəfindən hazırlanan bu nişangah süni intellektə əsaslanan təsvir emalı sistemi ilə təchiz edilib. "SMASH 2000L" sistemi hədəfləri tanımağa, izləməyə və hərəkət edən obyektlərin dəqiq məhv edilməsi üçün avtomatik işarələməyə imkan verir.
Sistem həm gündüz, həm də gecə şəraitində dəqiq atəş açmağa şərait yaradır. Atıcının yalnız hədəfi nişan alması kifayət edir.
Qeyd olunur ki, may ayında ABŞ Ordusu “Transformation In Contact” (TIC 2.0) proqramı çərçivəsində bu nişangahların tədarükü üçün “Smart Shooter” şirkəti ilə 13 milyon dollarlıq müqavilə imzalayıb.
Müasir texnologiyaya əsaslanan bu sistemlər ABŞ Ordusunun pilotsuz hava vasitələrinə qarşı müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
Türkan İsgəndərli
tag: ABŞ,Ordu,Silah,Müdafiə,todaypress.tv,