Türkiyənin daxili işlər naziri: “Bu zəfər, boyun əyməyən bir millətin dastanıdır”

Dünya

30.08.2025 10:40

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 30 avqust Zəfər Bayramı münasibətilə paylaşım edərək Türkiyə xalqını bu önəmli gün münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da yazıb. 

Nazir paylaşımında bildirib ki, may ayları istiqlal yolunda atılan ilk böyük addımı – 19 Mayı xatırladır: 

"Aprel ayı xalqın iradəsini və Türkiyə Böyük Millət Məclisinin açılışını – 23 Nisanı simvolizə edir. Oktyabr isə əbədiyaşar Türkiyə Cümhuriyyətini – 29 Oktyabrı yadımıza salır. Avqust ayı isə tariximizin dönüş nöqtəsi olan möhtəşəm zəfərləri, xüsusilə də 30 Avqustu yada salır”.

Yerlikaya, 954 il əvvəl – 1071-ci ilin 26 avqustunda Sultan Alparslanın Anadolu qapılarını böyük inam və qətiyyətlə açdığını vurğulayıb. O əlavə edib ki, bundan tam 851 il sonra, 26 avqustda, bu dəfə Qazi Mustafa Kamal Atatürk "Allah Türk millətini qoruyacaq. Vaxt tamamdır, inşallah zəfər bizimdir" deyərək Anadoluya göz dikənlərin qarşısında o qapıları əbədi olaraq bağlayıb.

Nazir bildirib ki, 30 Avqust Zəfəri Türk millətinin varlıq mübarizəsində dönüş nöqtəsi olub:

“Bu zəfər, müstəqillik və azadlıq uğrunda, millətimizin dişi və dırnağı ilə, ruhunu ortaya qoyaraq qazandığı şanlı bir qələbənin adıdır. Bu torpaqları bizə vətən edən əcdadımıza borcluyuq. Bizdən sonra bu bayrağı dalğalandıracaq nəsillərə isə məsuliyyət daşıyırıq. Bu, yalnız birlik və bərabərliklə, ölkəmiz üçün əzmlə çalışmaqla, xidmət və əsərlər ortaya qoymaqla mümkün olar”.

Ali Yerlikaya çıxışında həmçinin bu mübarizənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə “Böyük və Güclü Türkiyə”ni qurmaq, ölkəni çağdaş sivilizasiyalar səviyyəsindən də yuxarıya daşımaq hədəfinə yönəldiyini qeyd edib:

“Necə ki, 30 Avqust bir dirilişin elanıdırsa, "Türkiyə Yüzilliyi" də bu elanın ən gözəl bəndləridir. 30 Avqust, zülmə qarşı baş əyməyən əziz millətimizin yazdığı dastandır. "Böyük zəfərlər yalnız böyük millətlər tərəfindən qazanılar" deyən Qazi Mustafa Kamal Atatürkü, onun silahdaşlarını, qəhrəman Mehmetçiklərimizi, vətən uğrunda canından keçən şəhidlərimizi və qazilərimizi rəhmət, minnət və hörmətlə yad edirəm. 30 Avqust Zəfərimizin 103-cü ili mübarək olsun”.

Nazir paylaşımına 30 Avqust Zəfər Bayramını əks etdirən bir video da əlavə edib.

Töhfə Səməd

tag: Ali Yerlikaya,Türkiyə,DİN,Paylaşım,Todaypress.tv,