Türkiyədə FETÖ-ya qarşı genişmiqyaslı əməliyyat

Dünya

15.07.2025 09:59

Türkiyə polisi, 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqələndirilən və terror təşkilatı kimi tanınan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədə şübhəli bilinən 371 nəfəri saxlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.

Əməliyyatlar eyni vaxtda ölkənin 60 vilayətində həyata keçirilib və İzmir şəhər prokurorluğu tərəfindən koordinasiya olunub.

Bundan əlavə, Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən aparılan başqa bir əməliyyat çərçivəsində, FETÖ-nün nəzarətində olan maliyyə strukturlarında fəaliyyətdə şübhəli bilinən 26 nəfər ölkənin 9 vilayətində saxlanılıb. Qadağan olunmuş təşkilata aid pərakəndə satış şəbəkəsinin mağazalarına kənar menecerlər təyin edilib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-16-da Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı 250-dən çox insan həlak olub, 2200-dən çox insan yaralanıb. Hadisədən sonra hökumət FETÖ ilə əlaqəli bütün şəxslərin məsuliyyətə cəlb ediləcəyini bəyan edib və bu istiqamətdə əməliyyatlar davam edir.

Türkan İsgəndərli

tag: Türkiyə,FETÖ,Cinayət,Terror,Todaypress.tv,