Türkiyə: "Lahey Qrupu" bəyanatına dəstək vermədiyimiz iddiaları əsassızdır
Dünya
19.07.2025 17:50
Türkiyə Xarici İşlər Nazirliyi, "Lahey Qrupu"nun Kolumbiyanın paytaxtı Boqotada keçirilən toplantısından sonra qəbul edilən ortaq bəyanatla bağlı ölkənin mövqeyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Nazirliyin yazılı açıqlamasında, 15-16 iyul tarixlərində baş tutan görüşün nəticəsində hazırlanmış ortaq bəyanata Türkiyənin dəstək vermədiyi barədə iddiaların əsassız və dezinformasiya xarakterli olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, belə beynəlxalq toplantılarda qəbul edilən qərarlara və ortaq bəyanatlara qoşulma prosesi müəyyən vaxt tələb edir. Boqotadakı görüşdən sonra yayımlanan sənədə 20 sentyabr tarixinədək qoşulmaq mümkündür və hələlik 30 iştirakçı dövlətdən yalnız 12-si sənədə rəsmi dəstək verib.
Bildirilib ki, ortaq bəyanatda yer alan bəzi bəndlər Türkiyənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq müxtəlif dövlət qurumları arasında koordinasiyanı zəruri edir. Bu səbəbdən, rəsmi dəstəkdən əvvəl müvafiq qurumlar tərəfindən hazırlıq işləri tamamlanmalıdır.
“Əslində, ortaq bəyanatda göstərilən tədbirlərin əksəriyyəti ölkəmiz tərəfindən artıq həyata keçirilir. Türkiyə, bundan əvvəl olduğu kimi, bundan sonra da Fələstinlilərin hüquqlarını qoruyan bütün təşəbbüslərə güclü şəkildə dəstək verəcək. Türkiyənin Qəzza siyasətini natamam məlumat və qərəzli yanaşma ilə qiymətləndirmək düzgün olmaz”, - nazirlik əlavə edib.
Töhfə Səməd
tag: Türkiyə ,XİN,Lahey Qrupu,Fələstin,Todaypress.tv,