Trampın yeni qırıcıları real layihə hesab olunmur - Ekspertlər ANALİZ ETDİ

Dünya

17.05.2025 10:45

6

ABŞ prezidenti Donald Tramp Qətərdə yüksək vəzifəli müdafiə sənayesi nümayəndələri ilə görüşdə beşinci nəsil qırıcı təyyarələrin iki yeni proqramını elan edib.

TodayPress TV xəbər verir ki, "F-55" və "F-22 Super" adlandırılan bu layihələr “F-35"in inkişaf etdirilmiş ikimühərrikli versiyası və “F-22"nin ən müasir modifikasiyası olacaq.

Tramp bildirib ki, "F-55" təyyarəsi daha ucuz istehsal olunacaq və "F-47" adlı altıncı nəsil qırıcı ilə oxşar imkanlara sahib olacaq. Hər iki təyyarənin yüzlərlə döyüş dronu ilə birgə işləməsi planlaşdırılır.

"F-47" proqramı artıq NGAD (Next-Generation Air Dominance) çərçivəsində həyata keçirilir. Prezident zarafatla "F-47" adını bəyəndiyini və bunun onun ABŞ-nin 47-ci prezidenti olması ilə əlaqəli olduğunu deyib.

Trampın bəyanatları birmənalı qarşılanmayıb. Ekspertlər hesab edir ki, "F-35"in ikimühərrikli versiyasının yaradılması texniki və maliyyə baxımından real deyil və bu, tamamilə yeni təyyarənin layihələndirilməsini tələb edir. Onların fikrincə, Trampın bəzi açıqlamaları texniki detalları tam anlamadığını göstərir.

Mütəxəssislər həmçinin bildirir ki, "F-22 Super" adı ilə anons edilən modernizasiya proqramı da yüksək xərc və texnoloji çətinliklər səbəbindən qeyri-müəyyən vəziyyətdədir. Bununla yanaşı, mövcud "F-22" qırıcılarının istehsalı dayandırılıb, lakin platformanın təkmilləşdirilməsi üzrə bəzi müqavilələr imzalanıb.

Hazırda nə Pentaqon, nə də Tramp administrasiyası "F-55" proqramı ilə bağlı dəqiq texniki və maliyyə məlumatı təqdim etməyib. ABŞ hərbi sənayesi dairələri isə açıqlamalarda ehtiyatlı davranır və prezidentin bəyanatlarının detalları ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirirlər.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Qətər,F-55,F-22 Super,F-47,todaypress.tv,