Trampın çətin günləri qapıdadır: Ağ Ev lideri beş mərhələli plan həyata keçirəcək

Dünya

27.05.2025 16:05

5

ABŞ prezidenti Donald Trampın komandası 2026-cı il aralıq seçkilərində Respublikaçıların Nümayəndələr Palatasında üstünlüyünü qorumaq və özünün üçüncü impiçmentindən qaçmaq məqsədilə erkən və aqressiv siyasi strategiya işə salıb.

TodayPress TV xəbər verir ki, "Axios" nəşri bunula bağlı araşdırma edib.

Trampın müttəfiqləri haqlı olaraq ehtiyat edirlər ki, əgər Demokratlar Palatada üstünlük qazansalar, Trampın yenidən araşdırmalara və impiçmentə məruz qalması realdır. Bu, onun ilk prezidentliyi dövründə baş verib.

2026-cı ilin aralıq seçkiləri Trampın prezidentliyinin ikinci dövrünə təsadüf edəcək və bu cür seçkilər adətən Ağ Evin sahibi olan partiya üçün çətin keçir. Respublikaçı liderlər etiraf edirlər ki, spiker postunu qorumaq asan olmayacaq.

Trampın planı – Respublikaçıların mövqeyini qorumaq üçün 5 addım

1. İstefaların qarşısını almaq

Ağ Ev tərəddüddə olan və ya daha yüksək vəzifəyə can atan Respublikaçı konqresmenləri fikrindən daşındırmağa çalışır. Məsələn, Tramp Nyu-York nümayəndəsi Mayk Loulerin qubernatorluğa namizədliyinə qarşı çıxıb və onun yenidən Palataya namizədliyini dəstəkləyib.

Tramp həmçinin Miçiqan ştatından olan konqresmen Bill Huizenqanın Senata namizədliyindən də narahatdır. Bu dairələrdə boşalan yerlərin partiyaya baha başa gələcəyini göstərən xərclər cədvəli Respublikaçılar arasında paylaşılır. Təkcə Loulerin dairəsində mübarizə 14 milyon dollara başa gələ bilər.

2. İri həcmdə maliyyə xərcləmələri

Tramp artıq 500 milyon dollardan çox maliyyə resursu olan siyasi infrastruktur qurub və bu resursların bir hissəsi 2026 kampaniyasına yönəlib. “Securing American Greatness” adlı Trampı dəstəkləyən təşkilat səkkiz zəif dairədə Respublikaçıların iqtisadi siyasətini təbliğ edən reklam kampaniyasına başlayıb.

Trampın “Never Surrender” adlı liderlik fondunun da Respublikaçı namizədlərə birbaşa maliyyə dəstəyi verməsi planlaşdırılır.

3. İlkin seçkilərdə rəqabəti zəiflətmək

Tramp zəif bölgələrdəki Respublikaçı namizədləri erkən dəstəkləməklə mümkün daxili partiya rəqabətinin qarşısını almağa çalışır. Bu, partiyanın resurslarını qorumaq və namizədləri əsas seçkilərə daha güclü çıxarmaq üçün edilir.

Bu təşəbbüs Tramp, Palata spikeri Mayk Conson və Respublikaçı Seçki Komitəsinin rəhbəri Riçard Hadsonun birgə görüşündə razılaşdırılıb.

4. Daha çox maliyyə toplamaq

Tramp partiyanın əsas ianə toplayıcısı olaraq 2026 seçkiləri öncəsi bir neçə böyük tədbir planlaşdırır. Təkcə aprel ayında 35 milyon dollardan çox vəsait toplandı. Bu cür tədbirlərin davamı gözlənilir.

5. Güclü namizədlər cəlb etmək

Tramp və Respublikaçı Seçki Komitəsi hazırda boş və ya zəif dairələrdə partiyaya yaxın və güclü namizədləri axtarır. Məqsəd odur ki, partiya daxilində parçalanmaya yol verilməsin və Trampın dəstəyi ilə güclü namizədlər seçkiyə qoşulsun.

Komandanın fikrincə, Trampın açıq dəstəyi və seçki kampaniyasında iştirakı tərəddüd edən namizədləri qərar verməyə sövq edə bilər.

Nəticə etibarilə deyə bilərik ki, Tramp 2026 seçkilərini yalnız Konqres nəzarətini qorumaq üçün deyil, həm də öz siyasi gələcəyini sığortalamaq üçün həlledici mərhələ hesab edir. Respublikaçıların səkkiz mandatlıq zəif çoxluğu fonunda bu beş istiqamətdə görülən tədbirlər onun impiçment təhlükəsindən yayınmaq üçün hazırladığı kompleks strategiyanın tərkib hissəsidir.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Respublikaçılar,Nümayəndələr Palatası,todaypress.tv,