Tramp ABŞ sahil sularını neft hasilatına açmaq istəyir
Dünya
24.10.2025 10:34
ABŞ Prezidenti Donald Trampın administrasiyası bəzi ştat qubernatorlarının etirazına baxmayaraq, ölkənin sahil sularını yeni dəniz neft hasilatı üçün açmağı nəzərdə tutan təklif hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, layihə ABŞ-nin cənub-şərq sahillərinə yaxın suları da əhatə edir. Baxmayaraq ki, Tramp seçki kampaniyası dövründə həmin ərazilərdə hasilata məhdudiyyət qoymaq niyyətində olduğunu demişdi.
Ekoloqlar bu planı kəskin tənqid edərək xəbərdarlıq ediblər ki, təşəbbüs çoxsaylı sahil icmalarını və dəniz ekosistemlərini risk altına qoyacaq. Bir sıra ştatlar isə artıq yeni dəniz neft icarə layihələrinə maraqlı olmadıqlarını və ya açıq şəkildə etiraz etdiklərini bildiriblər.
Layihə ABŞ Daxili İşlər Nazirliyinin Okean Enerjisi İdarəsi tərəfindən hazırlanıb. Sənəd ölkənin şərq və qərb sahilləri boyunca, Alyaska ətrafında, həmçinin Meksika körfəzində neft və qaz hasilatı hüquqlarının mümkün hərraclarının əsasını müəyyənləşdirir.
Qeyd edək ki, Şimal-Şərq kanyonu və Massaçusetsin cənub-şərqindəki sualtı dağların milli abidəsi, eləcə də Havay adaları yaxınlığındakı Papahanaumokuakea Dəniz Milli Abidəsi kimi qorunan ərazilərdə qazma qadağaları qüvvədə qalacaq.
Aysel Mətləb
tag: Tramp,ABŞ,Neft,Hasilat,Todaypress.tv,
