Tayvanda güclü yağışlar fəlakətə səbəb oldu
Dünya
04.08.2025 10:29
Tayvanın mərkəz və cənub bölgələrində bir həftədir davam edən intensiv yağışlar nəticəsində 4 nəfər həyatını itirib, 74 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə adanın yanğınsöndürmə xidməti məlumat yayıb.
Bildirilib ki, həmin gün 108 müşahidə məntəqəsində yağıntının sutkalıq miqdarı 200 millimetrdən çox olub. Kaohsiunq şəhərində isə həftəlik yağıntı 2,759 millimetrə çataraq Tayvanın illik orta göstəricisi olan 2,500 millimetri keçib.
Fövqəladə Hallar Əməliyyat Mərkəzinin açıqlamasına görə, indiyədək 5795 nəfər təxliyə olunub, 140 yol və tunel bağlanıb, 124 dəfə uçqun qeydə alınıb. Yüzlərlə ev təsərrüfatı işıqsız qalıb, torpaq sürüşməsi təhlükəsinə görə bir neçə rayonda “qırmızı xəbərdarlıq” elan edilib.
Tayvanın meteoroloji xidməti avqustun 4-də mərkəz və cənub bölgələrdə yağışların davam edəcəyini proqnozlaşdırır. Bu səbəbdən Kaohsiunq, Tainan və Pinqtunq şəhərlərində iş və dərslər dayandırılıb.
Qiymət Mahir
tag: Tayvan,Kaohsiunq,Tainan ,Pinqtunq ,Todaypress.tv,