Suriyada qanlı toqquşmalar yenidən alovlandı: Druzlar Əl-Şaraa hökumətinə qarşı

Dünya

17.07.2025 10:10

Suriyanın Suveyda şəhərində hökumət qüvvələri ilə druz döyüşçülər arasında yeni toqquşmalar baş verib. Çatışmalar ötən həftəsonu başlayıb və azı 250 nəfərin ölümünə səbəb olub. İyulun 16-da İsrail də Dəməşqi bombalayıb və bununla druzları müdafiə etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" yazı yayımlayıb.

Toqquşmalar Suriyada azlıqlarla mərkəzi hakimiyyət arasında gərginliyin davam etdiyini göstərir. Mart ayında da devrilmiş prezident Bəşər Əsədə sadiq olan ələvi silahlı qruplar hökumət qüvvələrinə hücum etmişdi. Nəticədə sünni yönümlü yeni hakimiyyəti dəstəkləyənlər ələvi şəhərlərinə kütləvi hücumlar həyata keçirmiş, yüzlərlə insanı öldürüb evləri talan etmişdi. Son məlumatlara görə, ələvilər arasında 1500-dən çox insan həlak olub, onlarla şəxs isə itkin düşüb.

İyunun sonunda isə Dəməşqdəki xristian kilsəsində həyata keçirilən və İŞİD-lə əlaqələndirilən intiharçı hücumu nəticəsində 20 nəfər ölüb.

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa islamist mənşəli olsa da, ölkədə demokratiya və azlıqlar üçün bərabərlik vəd edib. Hazırda onun müvəqqəti hökumətində müxtəlif azlıqlardan – druzlardan, ələvilərdən və xristian qadından ibarət nazirlər təmsil olunur. Bu səbəbdən Avropa İttifaqı və ABŞ Suriyaya qarşı tətbiq olunan sanksiyaları yumşaldıb.

Lakin əl-Şaraanı hələ də şübhə ilə qarşılayanlar çoxdur. Onun keçmiş "əl-Qaidə" bağlantıları, qadın və azlıqlara münasibəti ilə bağlı qeyri-müəyyənliyi tənqid olunur. Ölkə prezidenti hərbi geyimini tərk edib qərbli liderlərlə görüşsə də, şəriət qanununun gələcək rolu barədə dəqiq mövqe bildirməyib.

Bundan başqa, Suveyda bölgəsindəki druz qüvvələri may ayında mərkəzi hakimiyyətlə silahların təhvili barədə razılığa gəlsələr də, bəzi dəstələr hələ də silahlarını verməkdən imtina edir – səbəb isə əl-Şaraa hökumətinə olan etimadsızlıqdır.

Müşahidəçilər hesab edir ki, ölkədəki etnik və dini parçalanma hələ də ciddi təhlükə olaraq qalır. Xarici radikal qrupların varlığı və mərkəzi hökumətin zəifliyi isə Suriyada uzunmüddətli sabitliyin qarşısını alır.

Töhfə Səməd

tag: Suriya,Suveyda,İsrail ,Dəməşq,Bəşər Əsəd,Əhməd əl-Şaraa,