Suriya hökuməti ölkə üzrə ümumi atəşkəs elan etdi

Dünya

19.07.2025 12:30

Suriya Prezident Administrasiyası ölkə ərazisində ümumi atəşkəsin elan edildiyini açıqlayıb.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, rəsmi yazılı bəyanatda bu qərarın "Suriya xalqının qanının tökülməsinin qarşısını almaq və dövlətin milli və humanitar məsuliyyətini yerinə yetirmək məqsədi daşıdığı" vurğulanıb.

Bəyanatda bütün tərəflərə müraciət edilərək dövlət qurumları və təhlükəsizlik qüvvələrinin atəşkəsi məsuliyyətlə icra etmələri üçün lazımi şəraitin yaradılması, sabitliyin təmin edilməsi və qan tökülməsinin dayandırılması çağırışı edilib.

Yayılan açıqlamada həmçinin qeyd olunub ki, ölkə daxilində bütün silahlı toqquşmaların və hərbi əməliyyatların dərhal dayandırılması, mülki əhalinin müdafiəsinin təmin olunması və humanitar yardımların əngəlsiz şəkildə çatdırılması əsas prioritetlər sırasındadır.

Bəyanatda təhlükəsizlik qüvvələrinin artıq bəzi bölgələrdə yerləşdirilməyə başlandığı bildirilib. Bu addımın məqsədi isə əmin-amanlıq və sabitliyin möhkəmləndirilməsi, ictimai asayişin təmin edilməsi, mülki vətəndaşların can və mal təhlükəsizliyinin qorunması kimi göstərilib.

Töhfə Səməd

tag: Suriya ,Sülh,Atəşkəs,Todaypress.tv,