Sibiqadan Putinə sərt reaksiya: “Hara ayaq basırsa, orada ölüm və dağıntı olur”

Dünya

21.06.2025 13:06

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışına sərt reaksiya verib. 

TodayPress TV xəbər verir ki, o, sosial media hesabında bəyanat yayıb. 

Sibiqa, Putinin "rus və ukraynalıların eyni xalq olduğu, bu baxımdan Ukraynanın tamamının Rusiyaya məxsus olduğu və Rusiya əsgərinin ayaq basdığı hər yerin rus torpağı olduğu" barədə sözlərini kəskin tənqid edib.

O bildirib ki, bu bəyanatlar ABŞ-nin sülh təşəbbüslərinə açıq hörmətsizlikdir:

“ABŞ və dünya müharibənin dayandırılmasına çağırış etdiyi bir vaxtda, Rusiyanın ən böyük hədəfi daha çox Ukrayna torpağını işğal etmək və ukraynalını öldürməkdir”.

Diplomatın sözlərinə görə, rus əsgərinin ayaq basdığı hər yerə yalnız ölüm, dağıntı və fəlakət gəlir. Sibiqa, həmçinin vurğulayıb ki, Rusiya müharibədə böyük itkilər versə də, Vladimir Putin buna əhəmiyyət vermir.

“Putin nə Rusiya əsgərlərini, nə də Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə məhv etdiyi hərbçilərin cəsədlərini düşünür. O, öz xalqının qatilidir. O, Ukraynada cəmi bir strateji hədəfə belə çatmadan 1 milyon rus əsgərini qan gölündə məhv etdi”, - deyə Sibiqa sərt ifadələrlə bildirib.

Sonda XİN başçısı müttəfiqlərə çağırış edərək deyib:

“Rusiyaya qarşı təzyiqlər artırılmalı, Ukraynaya hərbi dəstək gücləndirilməlidir. Rusiyanı terrorçu dövlət kimi tanıyın, tam təcrid edin. Moskvanı ayıldın!”.

Töhfə Səməd 

tag: Ukrayna,Andrey Sıbiqa ,Rusiya ,Vladimir Putin,todaypress.tv,