Rusiyaya gecə hücumu: Neft zavodu və hərbi müəssisə vuruldu - VİDEO

Rusiyaya gecə hücumu: Neft zavodu və hərbi müəssisə vuruldu - VİDEO
25.09.2026 08:28 Dünya

Rusiyanın bir neçə bölgəsi gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb. Hücumlar nəticəsində bir neçə sənaye müəssisəsində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, məlumata görə, Ulyanovskda “İskra Zavodu” elmi-istehsalat müəssisəsi dronların hədəfi olub.

Müəssisə “Almaz-Antey” konserninin tərkibinə daxildir və elektron avadanlıqlar, rabitə sistemləri və hərbi təyinatlı məhsullar üçün komponentlər istehsal edir. Zavodun X-59M2/M2A raketləri üçün komponentlər istehsal etdiyi bildirilir.

Permdə isə “Lukoil-Permnefteorgsintez” neft emalı zavodunda yanğın qeydə alınıb. OSINT analitiklərinin məlumatına əsasən, zavodun AVT-5 qurğularından birində və bəzi boru kəmərləri ərazisində yanğınlar baş verib.

“Permnefteorgsintez” Rusiyanın iri neft emalı müəssisələrindən biridir. Zavod ildə 13 milyon tondan çox neft emal edir və benzin, dizel yanacağı, aviasiya kerosini və digər neft məhsulları istehsal edir.

Voronej vilayətində də partlayış səsləri eşidilib. Bölgədə yerləşən “Voronejsintezkauçuk” müəssisəsi daha əvvəl də dron hücumlarının hədəfi olub. Şirkət Rusiyanın iri kauçuk və termoplastik elastomer istehsalçılarından biri hesab olunur.

Son günlər Rusiyanın neft sənayesi obyektlərinə qarşı dron hücumları da intensivləşib. Məlumatlara görə, Moskva Neft Emalı Zavodunda əvvəlki hücum nəticəsində ilkin neft emalı qurğuları zədələnib və müəssisənin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.

Hücumlarla bağlı Rusiya tərəfinin yerli hakimiyyət orqanları da məlumat yayıb. Zərərin dəqiq miqyası və müəssisələrin fəaliyyətinə təsiri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər