Rusiya Yaxın Şərq və Asiya ölkələri ilə vizasız rejimə hazırlaşır
Dünya
25.06.2025 12:03
Rusiya Federasiyası bir sıra Yaxın Şərq və Asiya ölkələri ilə viza rejimini ləğv etməyə hazırlaşır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Maksim Reşetnikov diplomatik missiya nümayəndələri ilə görüş zamanı bildirib.
Reşetnikovun sözlərinə görə, 2025-ci ilin aprelində Rusiya artıq Omanla vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Yaxın vaxtlarda İordaniya, Myanma, Bəhreyn və digər ölkələrlə də oxşar sazişlərin imzalanması planlaşdırılır.
Nazir əlavə edib ki, Rusiya elektron vizanın tətbiq olunduğu ölkələrin sayını artıracaq (hazırda bu siyahıda 64 ölkə var) və çoxdəfəlik elektron viza rejiminin tətbiqi məsələsini də nəzərdən keçirəcək.
2025-ci ilin iyun ayına olan vəziyyətə görə, Rusiya vətəndaşları 125 ölkə və əraziyə vizasız səyahət edə bilirlər. Bunların 79-u ilə vizasız rejim qüvvədədir, 46 ölkə isə hava limanında və ya elektron viza ilə girişə icazə verir.
Qiymət Mahir
tag: Rusiya,Nazir,Viza,Yaxın Şərq,Todaypress.tv,