Rusiya səfiri: "Rusiya-Ermənistan münasibətləri yaxşılaşıb"
Dünya
24.10.2025 11:28
"Rusiya ilə Ermənistan arasındakı münasibətlər zamanla daha yetkin və çoxşaxəli xarakter alır, lakin problemlərin həlli üçün hər iki tərəfin fəal addımlar atması vacibdir".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Armenia" radiosuna müsahibəsində bildirib.
“Biz dəyişirik, dünya da dəyişir. Münasibətlərimiz yeni xüsusiyyətlər qazanır. Deyə bilərəm ki, onlar daha yetkinləşib. Bu o demək deyil ki, bütün problemlər aradan qalxıb və fikir ayrılıqları yoxdur. Söhbət ölkələrin həyati əhəmiyyətli iqtisadi və sosial maraqlarından gedir, buna görə də mübahisələr təbiidir. Əsas odur ki, hər iki tərəfdən iradə və hərəkət olsun”, - deyə diplomat vurğulayıb.
Kopırkin qeyd edib ki, Rusiya-Ermənistan əlaqələri təkcə iqtisadi münasibətlərdən ibarət deyil. Onun sözlərinə görə, bu münasibətlər xalqlar arasındakı dostluğa əsaslanır və humanitar sahə bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün reallıqdır, Avropa İttifaqına (Aİ) üzvlük isə hələ hipotetikdir”
Rusiya səfiri həmçinin bildirib ki, Ermənistan Aİİ-də iştirakda maraqlıdır və Moskva bu istiqamətdə İrəvana dəstək verməyə hazırdır. Onun sözlərinə görə, Aİİ üzvlüyü Ermənistana real iqtisadi fayda gətirir, halbuki Aİ-yə üzvlük perspektivi hələlik qeyri-müəyyəndir.
“Aİ-yə üzvlük çox mürəkkəb və uzunmüddətli prosesdir. Bəzi ölkələr bu qərarı onilliklərlə gözləyir. Ona görə də Ermənistan üçün bu məsələ hələlik nəzəri xarakter daşıyır. Aİİ isə reallıqdır. Ermənistan bu birliyin ən çox fayda görən üzvlərindən biridir və ölkə rəhbərliyi bu inteqrasiya layihəsinə maraqla yanaşır”, - deyə Kopırkin bildirib.
Diplomat əlavə edib ki, Aİİ ölkələrə ticarət, əmək miqrasiyası, kapital və malların azad hərəkəti kimi sahələrdə geniş imkanlar yaradır və ittifaq dinamik, inkişaf edən bir qurum kimi qalır.
“Aİİ təkcə ticarət deyil, həm də əmək bazarı və miqrasiya prosesləridir. Bu, canlı və inkişaf edən bir layihədir. Faktlar göstərir ki, uğurlu və perspektivli bir modeldir”, - deyə Kopırkin qeyd edib.
Xatırladaq ki, bu il martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə üzv olma niyyətini əks etdirən qanun layihəsini təsdiqləyib. Lakin Aİ hələlik Ermənistana rəsmi üzvlük təklifi göndərməyib.
Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərar avtomatik üzvlük anlamına gəlmir, belə bir addım yalnız referendum yolu ilə təsdiqlənə bilər. Bununla belə, o, 20 il sonra Ermənistanı Aİ-nin bir hissəsi kimi görmək istədiyini etiraf edib.
Aysel Mətləb
tag: Rusiya,Səfir,Sergey Kopırkin,Ermənistan,Todaypress.tv,
