Rusiya MDB ölkələrinin ordularına müasir silahlar verəcək
Dünya
31.10.2025 17:52
Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Moskva MDB ölkələrinin ordularının modernləşdirilməsinə dəstək göstərəcək, onlara müasir silahlar təqdim edəcək və “xüsusi hərbi əməliyyat” zamanı əldə edilmiş döyüş təcrübəsini bölüşəcək.
TodayPress TV xəbər verir ki, nazir bu fikirləri Almatıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasında səsləndirib.
“Çətin hərbi-siyasi şəraitdə əsas məqsədimiz ortaq təhlükəsizliyi möhkəmləndirmək və müasir təhdidlərə birgə cavab verməkdir. MDB ordularının təchizatının gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi bu istiqamətdə prioritet olacaq”, — Belousov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiya tərəfi hərbi əməkdaşlıq konsepsiyasının icrasının nəticələrini və gələcək inkişaf perspektivlərini tərəfdaşlarla müzakirə edəcək.
Nazir çıxışı zamanı MDB ölkələri arasında tarixi yaddaşın qorunması və Böyük Vətən müharibəsindəki ortaq Qələbənin saxtalaşdırılmasına qarşı birgə mübarizənin vacibliyini də xüsusi qeyd edib.
Qiymət Mahir
tag: Rusiya ,Andrey Belousov,MDB ,Moskva ,Todaypress.tv,
