Ramzan Kadırov ölümlə üz-üzədir? - İddialara SON QOYULDU
Son vaxtlar Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti və siyasi gələcəyi ilə bağlı yayılan məlumatlar ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
TodayPress TV “Haber Global”a istinadən xəbər verir ki, sosial mediada və bəzi xəbər mənbələrində onun xəstə olduğu, yeriyə bilmədiyi və həyatını itirmək üzrə olduğu iddiaları yer alıb.
Kadırov bu iddialara öz “Telegram” kanalında cavab verib. O, açıqlamasında ölüm və xəstəlik mövzusunun hər bir insan üçün qaçınılmaz son olduğunu bildirib:
“Haqqımda şayiələr artır. Guya ölürəm, guya yeriyə bilmirəm. Xəstəlik və ölüm hər kəsin sonudur. Bu bir ölüm təhdidi deyil. Mənim nə qədər yaşayacağımı yalnız Allah bilir. Əgər ömrüm 50, 60 və ya 70 il yazılıbsa, heç kim bu müddəti bir gün belə azalda bilməz”, – deyə o vurğulayıb.
Lakin maraqlı tərəfi odur ki, bu, Kadırovun səhhəti ilə bağlı iddialara cavab verdiyi ilk belə açıqlama deyil. Belə ki, 2023-cü ildə yenidən yayılan şayiələrə cavab olaraq o, Qroznıda gəzinti zamanı çəkilmiş videosunu paylaşmışdı.
İnternetdə yayılan dezinformasiyalara etibar etməyin təhlükələrinə işarə edən Kadırov, insanları açıq havada gəzintiyə çağırmışdı.
May ayının əvvəlində isə Kadırov daha bir diqqətçəkən açıqlama ilə gündəmə gəlmişdi. O, Rusiya prezidenti Vladimir Putinə istefa vermək istədiyini bildirdiyini açıqlamışdı. Bildirmişdi ki, artıq vəzifədən ayrılmağın zamanı çatdığını düşünür və bu qərarın qəbul olunmasına ümid edir. Lakin Kremlin divarları arxasında baş tutan görüşdən sonra Kadırov bu müraciətinə müsbət cavab ala bilmədiyini etiraf etmişdi.
Ramzan Kadırovun uzun illərdir Çeçenistanı idarə etdiyi, Moskva ilə yaxın münasibətlərini qoruduğu hər kəsə məlumdur. Lakin son aylarda onun səhhəti ilə bağlı narahatlıqlar, ardınca gələn istefa istəyi və bu fonda Kremlin soyuq reaksiyası müşahidəçilərdə suallar doğurur.
Bəzi analitiklər bunu sadəcə fiziki yorğunluq və siyasi gediş kimi qiymətləndirir, digərləri isə Kreml daxilində müəyyən balans dəyişikliyinin siqnalı kimi oxuyur.
Bu isə onun gələcəkdə vəzifədən ayrılması və ya sağlamlıqla bağlı daha ciddi qərarlar verməsi ehtimalını gündəmdə saxlayır.
Töhfə Səməd
tag: Ramzan Kadırov,Çeçenistan,Prezident, Sağlamlıq,Todaypress.tv,