Qrossi: "AEBA Polşa AES-lərini yoxlayacaq"
Dünya
09.07.2025 13:40
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Polşada tikiləcək atom elektrik stansiyalarında nüvə materiallarının yalnız mülki məqsədlərlə istifadə olunub-olunmadığını yoxlamaq üçün müfəttişlərini həmin obyektlərə göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.
AEBA Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) iştirakçısı olan ölkələrdə mütəmadi olaraq yoxlamalar, ətraf mühitdən nümunələrin götürülməsi, peyk müşahidələri və avadanlıqların monitorinqi vasitəsilə məlumat toplayır və texniki hesabatlar hazırlayır.
Qrossi qeyd edib ki, əgər bir ölkə AEBA-nın tələblərinə əməl etməzsə, bu barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilə bilər və nəticədə sanksiyalar tətbiq oluna bilər.
Polşa hökumətinin nüvə energetikası planına əsasən, ölkədə iki atom elektrik stansiyası tikiləcək. Birinci stansiya Şimali Pomeraniya Voyevodalığının Lubyatovo-Kopalino kəndində inşa ediləcək. Hazırlıq işlərinə bu il başlanması, əsas tikintiyə isə 2028-ci ildə start verilməsi planlaşdırılır. Stansiyanın 2036-cı ildə ilk elektrik enerjisini istehsal edəcəyi, tam istismara isə 2038-ci ildə keçəcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: AEBA,Qrossi,Polşa,Elektrik,Todaypress.tv,