“Qızıl Qübbə” : ABŞ-nin görünməmiş Kosmik Qalxanını kim quracaq?

Dünya

22.05.2025 18:00

ABŞ Müdafiə naziri Pit Heqset prezident Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Qızıl Qübbə” (Golden Dome) adlı yeni nəsil raketdən müdafiə sisteminə dair təfərrüatları açıqlayıb. Sistemin məqsədi ABŞ ərazisini orbitdən idarə olunan peyk şəbəkəsi vasitəsilə mümkün raket hücumlarından qorumaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Heqsetin sözlərinə görə, layihə üç il ərzində tamamlana bilər və təxminən 175 milyard dollara başa gələcək. Lakin Konqresin Büdcə Komitəsinin hesablamalarına əsasən, proqramın dəyəri 524 milyard dolları keçə və 20 ilə qədər vaxt tələb edə bilər.

Kosmik və müdafiə sənayesi nəhəngləri — “Lockheed Martin”, “Boeing” və “SpaceX” artıq layihəyə maraq göstəriblər. Məlumata görə, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” artıq sistemin əsas komponentlərinin hazırlanması üçün müraciət edib. Şirkətin partnyorları sırasında Palantir (proqram təminatı) və Anduril (pilotsuz sistemlər istehsalçısı) da yer alır.

Eyni zamanda, bu şirkətlər “Qızıl Qübbə”dən asılı olmayaraq, Trampa minlərlə müdafiə və 200-ə yaxın zərbə peykindən ibarət ayrıca hərbi peyk qrupu yaratmağı təklif etmişdilər.

Bununla yanaşı, 42 demokrat konqresmen Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayaraq “SpaceX”in layihədə iştirakı zamanı maraqlar toqquşması riskinə diqqət çəkiblər. Onlar İlon Maskın ABŞ-nin milli təhlükəsizliyi üzərində həddən artıq təsir gücü əldə etməsindən narahat olduqlarını bildiriblər.

Buna baxmayaraq, Pentaqon obyektiv texniki göstəricilər əsasında layihənin həyata keçirilməsi üçün “SpaceX”i seçə bilər. Şirkət artıq hərbi və kəşfiyyat qurumları üçün yüzlərlə peyk buraxıb, hazırda 8000-dən çox “Starlink” peykini idarə edir və ABŞ-də ən etibarlı buraxılış qabiliyyətinə malikdir. Alternativ daşıyıcı raketlər — “Vulcan Centaur” və “New Glenn” hələ yeni tətbiq olunur.

Layihə beynəlxalq aləmdə də ciddi rezonans doğurub. Çin Xarici İşlər Nazirliyi artıq rəsmi bəyanat verərək ABŞ-ni bu təşəbbüsdən imtina etməyə çağırıb. Pekin bildirir ki, bu addım “kosmosun hərbiləşdirilmə riskini artırır, silahlanma yarışını alovlandırır və beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdır”.

Qiymət Mahir

tag: “Qızıl Qübbə” ,ABŞ,Kosmik Qalxan,SpaceX,todaypress.tv,