Qərb ölkələri Qəzza üçün tibbi dəhlizin açılmasını tələb edir
Dünya
23.09.2025 16:44
Qərb ölkələri Qəzza ilə İordan çayının qərb sahəsi arasında tibbi dəhlizin açılmasını tələb edir. Avstriya, Belçika, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa və Avropa Birliyi də daxil olmaqla bir sıra Qərb ölkələri İsraildən Qəzza xəstələrinin İordan çayının qərb sahəsindəki tibbi yardım mərkəzlərinə çıxışının təmin olunmasını tələb edib.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bəyanatda tibbi dəhlizin bərpa olunması, xəstələrə maliyyə yardımı və tibbi heyət və avadanlıq təqdim olunması təklif edilib.
Kanadanın yaydığı birgə bəyanatda deyilir:
"Biz İsrailə çağırış edirik ki, işğal olunmuş ərazilərdə tibbi dəhlis bərpa edilsin və xəstələr Fələstin ərazisində təcili müalicə ala bilsinlər."
Bəyanat dərman və tibbi ləvazimatların Qəzzaya çatdırılmasında məhdudiyyətlərin aradan qaldırılmasını da nəzərdə tutur. ABŞ bəyanatı imzalamayıb.
İsraildən məsələ ilə bağlı dərhal açıqlama verilməyib. Keçmişdə isə İsrail bəzi Qəzzalıların müalicəsi üçün İordan çayının qərb sahəsinə və Şərqi Qüdsə keçidinə icazə verməyib. Bununla yanaşı, bəzi xəstələrin ərəb və Avropa ölkələrinə müalicəyə göndərilməsinə icazə verilib. Fələstin tərəfi bunun yerli xəstəxanalara daha geniş çıxışı əvəz etməyəcəyini bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzanın səhiyyə sistemi ciddi təzyiq altındadır və may ayında yardım blokadasının qaldırılmasına baxmayaraq dərman və digər yardım yalnız qismən çatdırılır.
Jalə Rövşən
tag: Tibbi dəhliz,Qəzza,Qərb,İsrail,TodayPressTV,
