Pentaqon: Venesuela qırıcıları ABŞ gəmisinə yaxınlaşıb

Dünya

05.09.2025 11:38

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirib ki, Venesuelaya məxsus iki hərbi təyyarə beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxın uçuşlar edərək "təxribat xarakterli hərəkətlər" həyata keçirib.

TodayPress TV xəbər verir ki, hadisə, ABŞ Prezidenti Donald Trampın Venesuela sahillərində 11 şübhəlinin öldürüldüyünü elan etməsindən iki gün sonra baş verib.

Tramp bu əməliyyatların məqsədinin narkotik ticarəti ilə mübarizə olduğunu deyib. O, həmçinin Maduro rejiminə qarşı dəyişiklik ümidi ilə bölgəyə hərbi donanma göndərildiyini qeyd edib.

Pentaqonun açıqlamasına görə, iki Venesuela F-16 döyüş təyyarəsi ABŞ donanmasının bir hissəsi olan "USS Jason Dunham" esminesinin üzərindən keçib. Bu, narkotik və terrorla mübarizə əməliyyatlarını pozmaq məqsədi daşıyan bir hərəkət kimi qiymətləndirilib.

ABŞ Müdafiə naziri Pit Heqset deyib ki, narkotik tacirlərinə qarşı əməliyyatlar davam edəcək və rejim dəyişikliyi məsələsində qərarı prezident (Tramp) verəcək. Tramp gəminin ekipajının Venesuelanın məşhur cinayətkar qrupu olan “Tren de Aragua” ilə əlaqəli olduğunu açıqlayıb. Qeyd edək ki, bu qrup ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Venesuela rəsmiləri isə bildirirlər ki, “Tren de Aragua” artıq ölkədə fəaliyyət göstərmir və 2023-cü ildə həbsxanaya hücum zamanı dağıdılıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Pentaqon,ABŞ,Venesuela,Gəmi,Todaypress.tv,