Patriot raketləri uğrunda TƏZYİQ: NATO və Aİ bu iki ölkəni sıxışdırır
NATO və Avropa İttifaqı (Aİ) "Patriot" sistemləri üçün önləyici raketlərin Ukraynaya verilməsi məqsədilə İspaniya və Yunanıstana təzyiq göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Ukrayna təcili olaraq əlavə hava hücumundan müdafiə vasitələri istəyir və mövcud ehtiyatların Rusiya zərbələrinin dəfi üçün artıq yetərli olmadığına dair xəbərdarlıq edir. Ukrayna Silahlı Qüvvələrinin xüsusilə ABŞ-nin "Patriot" kompleksləri üçün raketlərə ehtiyacı var.
Qeyd olunub ki, bu məsələ Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlərinin Dublindəki görüşündə qaldırılacaq. Bundan əlavə, gələn həftə Aİ dövlətləri Ukraynaya öz kredit maliyyələşdirməsi hesabına əlavə "Patriot" raketlərini almağa icazə verilib-verilməməsi məsələsi üzrə səs verməlidirlər.
Agentlik dəqiqləşdirib ki, müttəfiqlərin Kiyevə yönləndirmək istədikləri bu cür raket ehtiyatlarına məhz İspaniya və Yunanıstan sahibdir.