Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə etdi

Dünya

11.08.2025 16:58

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Nikol Paşinyan avqusun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə Türkiyə Prezidenti Ərdoğana məlumat verib.

"Ermənistanın Baş naziri Türkiyə Prezidentinə 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrini, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasını, ATƏT-in Minsk qrupu mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılmasını, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi barədə məlumat verib", - mətbuat xidmətindən bildirilib.

N.Paşinyan qeyd edib ki, Bakı və İrəvan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin müəyyən edilməsinə imkan yaradır.

Bundan başqa, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyinə daxil olan məsələləri, xüsusilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər:

"Baş nazir qeyd edib ki, indi bu razılaşmaların həyata keçirilməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait var. Həmsöhbətlər fəal siyasi dialoqu davam etdirməklə bağlı razılığa gəliblər".

tag: Ermənistan, Baş nazir,Nikol Paşinyan,Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Todaypress.tv,