Niderlandda “Haribo” fəlakəti: Uşaq komaya düşdü
Dünya
04.06.2025 17:19
Niderlandın Almelo şəhərində azyaşlı uşaq “Haribo” markalı konfet yedikdən sonra komaya düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “VRT News” kanalı xəstəxana nümayəndəsinə istinadla məlumat yayıb.
“İki uşaq xəstəxanaya gətirilmişdi. Onlardan biri ağır komatoz vəziyyətdə idi və ixtisaslaşmış tibb mərkəzinə köçürüldü. Hazırda hər iki uşağın vəziyyəti stabildir”, – deyə xəstəxanadan bildirilib.
Zərərçəkənlər məktəbəqədər yaşlı uşaqlardır. İlkin araşdırmalar nəticəsində məlum olub ki, konfetlərin tərkibində narkotik maddə olan kannabis olub.
Hazırda Niderland hüquq-mühafizə orqanları hadisəni araşdırır. Məqsəd narkotik maddənin konfet qablaşdırmasına necə düşdüyünü müəyyənləşdirməkdir.
Qeyd edək ki, Niderland Kənd Təsərrüfatı Nazirliyi yanında Qida Təhlükəsizliyi və İstehlakçı Mühafizəsi İdarəsi (NVWA) 29 mayda “Haribo” konfetlərində kannabisin aşkarlandığını təsdiqləyib. Buna görə də bu məhsullar satışdan geri çağırılıb.
Məlumata görə, bu konfetlərdən istifadə edən bir neçə nəfərdə narahatlıq və səhhət problemi yaranıb. Belçikada da eyni səbəbdən “Haribo Happy Cola F!ZZ” markalı, 2026-cı ilin yanvarına qədər yararlılıq müddəti olan 1 kq-lıq konfet partiyası satışdan çıxarılıb.
Qiymət Mahir
tag: Niderland,Haribo,Almelo,Uşaq,todaypress.tv,