Netanyahunun ofisi: “Madlin”ni ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa uyğundur

Dünya

09.06.2025 14:10

İsrail ordusunun “Madlin” gəmisini saxlamaq əməliyyatı beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman "X"da məlumat verib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əməliyyatı “çevik, peşəkar və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə” baş tutub. “İsrail quruda, havada və dənizdə öz təhlükəsizliyini pozmağa yönəlmiş istənilən cəhdin qarşısını qətiyyətlə almaqda davam edəcək”, - deyə Hendelman bildirib.

O əlavə edib ki, İsrail Qəzza zolağına mövcud dəniz blokadasını pozmaq cəhdlərini HƏMAS təşkilatına "şüurlu dəstək" kimi qiymətləndirir. Hendelmanın sözlərinə görə, müdafiə naziri İsrael Katsın göstərişi ilə gəmidəki sərnişinlərə 7 oktyabr 2023-cü il tarixində İsrailə edilən hücum zamanı HƏMAS tərəfindən törədilmiş “kütləvi vəhşiliklərə dair” sənədlər nümayiş etdiriləcək. “Özlərini humanitar fəallar kimi təqdim edənlər kimin maraqlarına xidmət etdiklərini və onların müttəfiqlərinin insanlığa qarşı hansı cinayətlər törətdiklərini aydın şəkildə dərk etməlidirlər”, - deyə o bildirib.

Qeyd edək ki, İsrailin “Şayetet-13” adlı dəniz xüsusi təyinatlıları 9 iyun gecəsi Qəzza sahillərinə doğru irəliləyən “Madlin” gəmisinə nəzarəti ələ alıblar. "Ynet" portalının məlumatına görə, gəmi Aşdod limanına tərəf yola salınıb. İsrail Xarici İşlər Nazirliyi gəmidə 12 fələstin tərəfdarı fəalın olduğunu və onların yaxın günlərdə öz ölkələrinə qaytarılacağını bildirib. Sərnişinlər arasında tanınmış isveçli iqlim fəalı Qreta Tunberqin də olduğu bildirir.

Xatırladaq ki, “Madlin” gəmisi “Azadlıq donanması” koalisiyasına məxsusdur. O, 1 iyun tarixində Siciliya sahillərindən Qəzza üçün humanitar yardımla yola düşmüşdü. Yardım yükünə uşaq qidaları, bezlər, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlar daxil idi. İsrailin müdafiə naziri Kats 8 iyun tarixində gəminin Qəzzaya çatmasına imkan verilməməsi üçün ordunun bütün zəruri tədbirləri görməsi barədə göstəriş vermişdi.

Töhfə Səməd

tag: İsrail ,Madlin,Dmitri Hendelman,Qəzza ,HƏMAS,todaypress.tv,