Nepalda daşqın Miteri körpüsünü dağıtdı
Dünya
08.07.2025 10:36
Nepalın şimalında baş verən güclü daşqın ölkəni Çinlə birləşdirən Miteri körpüsünü dağıdıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Kathmandu Post" məlumat yayıb.
Rasuqadhi sərhəd məntəqəsi yaxınlığında baş verən təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb. Onların arasında 3 polis əməkdaşı, 9 yerli sakin və 6 Çin vətəndaşı var.
Polisin verdiyi məlumata görə, daşqına Çinin tərəfdə yağan güclü yağışlar səbəb olub. Sel yerli gömrük ərazisini dağıdıb, 9 yük konteynerini aparıb. Bir neçə nəfər xilas edilsə də, suyun səviyyəsinin yüksək olması axtarış-xilasetmə işlərini çətinləşdirir.
Daşqın nəticəsində Timur bölgəsindəki elektrik avtomobili doldurma stansiyası, Rasuqadhi su elektrik bəndi və Pasang-Lamu avtomobil yolunun bir hissəsi də zədələnib. Bu səbəbdən xilasetmə texnikasının bölgəyə çatdırılması çətinləşib.
Rəsmilər xəbərdarlıq edirlər ki, suyun səviyyəsi artmaqda davam edir və sakinlərdən ehtiyatlı və ayıq-sayıq olmaları xahiş olunur.
Türkan İsgəndərli
tag: Nepal,Çin,Daşqın,Sel,Todaypress.tv,