Nepalda baş verən dağıdıcı daşqının GİZLİ SƏBƏBİ bəlli oldu
Nepalda baş verən dağıdıcı daşqının yalnız buzlaq uçqunu nəticəsində deyil, buzlaqla birlikdə Langtang-Lirung zirvəsindəki dağ yamacının bir hissəsinin çökməsi səbəbindən meydana gəldiyi müəyyən edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Geomorfoloqlar fəlakətdən əvvəl və sonra ərazinin peyk görüntülərini araşdırıblar. Əldə edilən görüntülər buzlağın altındakı dağ yamacının özünün dağıldığını göstərib.
Milyonlarla ton qaya və buz dar dərəyə tökülərək sürətlə aşağı doğru hərəkət etməyə başlayıb. Hərəkət zamanı buz əriyərək su, torpaq və dağıntılarla qarışıb. Nəticədə bəzi yerlərdə hündürlüyü bir neçə mərtəbəyə çatan güclü palçıq-daş axını yaranıb.
Daha sonra axın Trishuli çayının vadisinə çıxıb. Peyk görüntüləri Kolpurtar, Betrawati və Syapru-Besi ərazilərində çayın əhəmiyyətli dərəcədə genişləndiyini göstərib. Çayın suyu isə gətirilən torpağın böyük miqdarı səbəbindən yaşılımtıl rəngdən qəhvəyi və demək olar ki, qara rəngə çevrilib.
Alimlər baş verənləri indiyədək müşahidə edilən ən böyük buzlaq daşqınlarından biri adlandırırlar. Bununla belə, mütəxəssislər hələlik fəlakəti birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirmirlər. Dağ yamaclarının təbii səbəblərdən də uçması mümkündür.
Aysel Mətləb