NATO kəşfiyyat PUA-larının buraxılışını həyata keçirəcək

Dünya

23.05.2025 14:09

Şimali Atlantika Alyansı iyun ayında Finlandiya ərazisindən ilk dəfə olaraq ABŞ istehsalı olan "RQ-4D Phoenix" tipli iri kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) sınaq buraxılışını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sınaq uçuşları ölkənin cənub-qərbində yerləşən "Pirkkala" aviabazasında bir neçə həftə ərzində həyata keçiriləcək. Hazırda bu məqsədlə lazımi infrastrukturun qurulması davam edir. "Yle" bildirir ki, NATO üçün Finlandiyadan PUA buraxılması mühüm əhəmiyyət daşıyır, çünki bu, Norveç dənizi daxil olmaqla, şimal bölgələrinə daha uzunmüddətli uçuşlar etməyə imkan verəcək.

"RQ-4D Phoenix" kəşfiyyat PUA-ları ABŞ-nin "Northrop Grumman" şirkəti tərəfindən istehsal olunur. Onların uçuş məsafəsi 16 min kilometrə qədərdir və 18 kilometr hündürlüyə qalxaraq 30 saatdan çox havada qalmaq imkanına malikdir.

Hazırda bu tip PUA-lar İtaliyanın Siciliya adasında yerləşdirilib. Lakin 2023-cü ilin payızından etibarən onlar vaxtaşırı Finlandiya hava məkanına daxil olurlar. NATO ikinci belə bazanın yaradılmasını nəzərdən keçirir, lakin hələlik bu barədə qərar qəbul edilməyib.

Qeyd olunur ki, Finlandiya hökuməti NATO-ya belə bir bazanı öz ərazisində yerləşdirməyi təklif edib və "Pirkkala" ən uyğun məkan kimi qiymətləndirilir. Layihəyə Norveç və Polşa da maraq göstərir.

Xatırladaq ki, Finlandiya 4 aprel 2023-cü ildə NATO-ya üzv olub.

Töhfə Səməd

tag: Şimali Atlantika Alyansı,Finlandiya,ABŞ,RQ-4D Phoenix,PUA,todaypress.tv,